Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar
27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamışdır. Odur ki, Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. BMT Baş Katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM və bir çox başqa beynəxalq təşkilat, başda ABŞ, Birləşmiş Krallıq, Rusiya və Türkiyə olmaqla bir çox ölkə səfirliyə olan hücumu pisləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamış, başsağlığı vermişdir. O, əlavə etmişdir ki, "diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva başsağlığı vermiş, yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev hücumu Azərbaycan dövlətinə "qarşı bir qəsd" olaraq səciyyələndirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisəni "xain hücum" kimi təsvir etmiş, həlak olan şəxsə rəhmət diləmiş, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hücumu qınamışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranı hücumu "hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə" tədqiq etməyə çağırmış, lakin demişdir ki, "İran tərəfinə ümidimiz, etibarımız yoxdur" və hücum ilə əlaqədar "İran bir dövlət kimi məsuliyyət daşıyır".